Beynəlxalq Muğam Mərkəzində
“Şairlər Günü”
İyunun 5-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Şairlər Gününə həsr edilmiş tədbir keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tədbirin böyük şair Mikayıl Müşfiqin doğum günündə keçirilməsini əlamətdar hadisə kimi qiymətləndirib. Natiq ölkəmizdə Nizami, Sabir, Vurğun poeziya günlərinin keçirildiyini xatırladaraq, bu günün Mikayıl Müşfiqin xatirəsinin əbədiləşdirilməsində böyük rol oynayacağını bildirib.
Azərbaycan Gənc Şairlər Birliyinin sədri Xəyal Rza unudulmaz şairimizin xatirəsinə həsr edilmiş bu tədbirin ölkəmizdə artıq üçüncü ildir keçirildiyini və builki mərasimin Mikayıl Müşfiqin 105 illiyinə təsadüf etdiyini söyləyib.
Bildirilib ki, Azərbaycan Şairlər Günündə Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ukrayna və Rusiyadan elm, incəsənət, mədəniyyət xadimləri, tanınmış şairlər və ziyalılar iştirak edirlər.
Tədbirdə ölkəmizin və qardaş xalqlar ədəbiyyatının təmsilçiləri olan şairlər həyat, dünyaya və insana məhəbbət hissindən yaranmış şeirlərini oxuyublar. Xarici ölkələri təmsil edən şairlərə Gənc Şairlər Birliyinin “Mikayıl Müşfiq” diplomu və böyük şairin ”Xalq Bank”ın dəstəyi ilə nəfis tərtibatla dərc olunmuş “Seçilmiş əsərləri” hədiyyə edilib. Bir neçə azərbaycanlı qələm sahibinə də mükafat verilib.
Sonda incəsənət
ustalarının ifasında konsert proqramı təqdim olunub.
Mədəniyyət.- 2013.- 7 iyun.-
S. 5.